QƏNİMis. [ər.] Düşmən. Hay-hay deyib qənim üstə varanda; Kəllə gərək bu meydanda qalanı. “Koroğlu” . Bax, bizim qənimimiz indiyədək bizi əsarətdə saxlayan həmin çarşab olubdur. C.Məmmədquluzadə. // Birinin öhdəsindən gələn, gözünün odunu alan, qəddar düşməni olan; dəhşət, qorxu yağdıran; bir şeyin tam ziddi. Qoyunun qənimi qurddur. Pişik siçanın qənimidir. - Hər şeyin bir qənimi, bir zavalı var. M.Ibrahimov. Dekabrda olduğu kimi, bu batareya iyunun birindən bəri də düşmən təyyarələrinin qənimi idi. Ə.Əbülhəsən. Qənim kəsilmək, qənimi olmaq - düşmən kəsilmək, düşməni olmaq, öhdəsindən gəlmək, gözünün odunu almaq, öz gücünü tanıtmaq. Komandir tamamilə əmin olmuşdu ki, qorxu bilməyən gənclər düşmənin amansız qənimi olur. Ə.Vəliyev. Qənim olmaq din. - cəzasını vermək, uğursuzluğa məruz qoymaq, öz təsirini göstərmək. Xalalardan birisi gəlib mənə xəbər verdi ki, “Molla Nəsrəddin” jurnalı bağlanıbdır. Pirin kəramətini gördünmü, necə ona qənim oldu? “Mol. Nəsr.”
Paylaşın - Hamı bilsin
|