QIRIŞis. 1. Bir şeyin büküldüyü, qatlandığı yerdə qalan iz; bükük yeri, bürüşük. Paltarın qırışlarını ütü ilə düzəltmək.
2. Üz, bədən dərisində və s.-də əmələ gələn dərin cizgi, qırışıq. Qəhrəman aralandıqca Nubar qarının qara və qırış (sif.) sifətini daha yaxşı görür. S.Rəhimov. Məşədibəy cavab vermədi. Onun üzündəki qırışlar daha da sıxlaşdı. M.Hüseyn. [Maralın] alnının ortasındakı qırış açıldı. Ə.Əbülhəsən. // Yer qabığı laylarında əmələ gələn dərin qırışıq. [Tektonik] qüvvələrin təsirindən laylar müxtəlif qırışlara çevrildi. M.Qaşqay. □ Üzündəki qırışlar (üzünün qırışları) açılmamaq - ürəyi açılmamaq, qaşqabağı açılmamaq, üzü gülməmək. Lotuoğlu məclisin ortasına çıxıb bir çox gülməli oyunlar çıxardısa da, xanın üzündəki qırışların biri də açılmadı. Çəmənzəminli. Paylaşın - Hamı bilsin
|