
QOŞULMAQf. 1. “Qoşmaq” dan məch. Atlar arabaya qoşulmuşdur. Fayton qoşulmuşdur. Vaqonlar parovoza qoşuldu.
t-siz. Birləşmək, qarışmaq, daxil olmaq, bir işin iştirakçısı olmaq. Fəhlələrin daha düzgün fənd işlətdiklərini görən yanğın alayı da onlara qoşuldu. M.Hüseyn. Payızda [Şamama] da anasına qoşulub pambıq yığırdı. İ.Əfəndiyev. // Şərik olmaq, razı olmaq, qəbul etmək. Yoldaş sədr, cavanlar deyənə mən də qoşulub qol qoya bilərəmmi? Mir Cəlal. t-siz. Yoldaş olmaq, birləşmək, əlaqə saxlamaq. [Məsmə:] Xəstəxanaya getməyə ürəyim gəlmirdi. Nəhayət, bir gün tanış bir qadına qoşulub oraya getdim. S.Hüseyn. Məşğul olmağa başlamaq, pis iş dalınca getmək. [Naçalnik:] Sən mənim məsləhətimi eşitməyib, yenə yaman işə qoşuldun. M.F.Axundzadə. t-siz. Qarışmaq, müdaxilə etmək. [Məşədi Qurban:] Sənlik nə var ki, bu işə qoşulursan? Sən nəçisən? M.F.Axundzadə. O, heç özünün də xəbəri olmadan söhbətə qoşulmuşdu. Ə.Əbülhəsən. □ Qoşulub qaçmaq (getmək) - köhnə məişətdə: ata-anasının razılığı və xəbəri olmadan, qızın sevdiyi oğlanın evinə getməsi. [Sona xanım:] Mən toy istəmirəm. Elə toysuz gedəcəyəm. Qoşulub qaçan .. bir mən deyiləm; gündə yüzü qoşulub qaçır. M.F.Axundzadə. Gülpərinin könlü əmisi oğlunda idi. Ona görə ona qoşulub qaçmaq istəyirdi. S.S.Axundov. [Məhərrəm:] Mən sənin yerinə olsam, Cahangir, əhvalatı düz Rüstəm bəyin özünə deyərəm və qandıraram ki, qızın Rəşid bəyi doğrayan Heydər bəyin oğluna qoşulub qaçmaq istəyir, onda bəlkə... N.Vəzirov. Paylaşın - Hamı bilsin
|