QÖVSİ-QÜZEHis. [ər.] Günəş şüalarının havadakı yağış damcılarından keçərkən sınması nəticəsində göydə görünən rəngarəng yarımdairə şəkilli qurşaq; göy qurşağı, qarınənə örkəni. Hər şey günəşə qurutdu yaşın; Qövsi-qüzeh açdı tər qumaşın. Xətayi. Bir gün [Qadir] qövsi-qüzehdən danışarkən, Sona cumub təmiz bir stəkan dolusu su gətirmiş(di). Ə.Əbülhəsən. // Obrazlı təşbehlərdə. Bəyaz cəbinində qövsi-qüzehtək; Hərami qaşların tağı görünsün. Q.Zakir. Qövsi-qüzeh gözlü, ləbləri yəmən; Camalın şairə veribdir nişan. Şair Vəli. // Qövsi-qüzehə oxşar rəngarəng şey haqqında. Havada yavaş-yavaş qövsi-qüzeh düşür kimi Münəvvərin çöhrəsi rəngarəng olmaqdadır. M.S.Ordubadi.
Paylaşın - Hamı bilsin
|