QOZis. 1. Bərk qabıqlı, qoşa ləpəli bir meyvə. Qoz ləpəsi. - Teyibə evə yolu düşəndə Bahadır üçün həmişə fındıq, qoz, saçaqlı konfet, iydə və bəzən xurma gətirirdi. M.Hüseyn. // Bu meyvənin ağacı. Qoz ağacından əla mebel hazırlanır. - Molla Qasım həyətdə qoz ağacının altında həsir saldırıb uzanmışdı. S.S.Axundov.
2. dan. Qoza oxşayan şiş, ur, çıxıq. Alnından qoz çıxıb. □ Qoz qabığına girmək - qorxudan qaçıb özünə bir sığınacaq tapmaq, qorxudan qaçıb gizlənmək. Qoz qabığına salmaq (soxmaq) - çox sıxışdırmaq, çıxılmaz vəziyyətə salmaq. Qoz-qoz oynamaq - bəhsləşmək, dikbaşlıq etmək. [Xasməmməd:] Ancaq bir şərtlə ki, o .. bizimlə qoz-qoz oynamasın. C.Cabbarlı. Qozunun üstünə qoz qoymaq dərdini daha da artırmaq, işini daha da çətinləşdirmək. Paylaşın - Hamı bilsin
|