QULPis. Qabların və s. şeylərin əl tutan yeri, dəstəsi, sapı. Qazanın qulpu. Çaydanın qulpu. - [Musa kişi] nazik iplə kuzənin qulpuna bağlanmış tıxacı açdı. M.İbrahimov. Onun sağ əli su ilə dolu vedrənin qulpundan .. tutmuşdu. Ə.Əbülhəsən.
□ Qulp bağlamaq (qoymaq, qondarmaq, taxmaq) - irad çıxartmaq, bəhanə tapmaq. [Uşaq:] ..Hətta yeyib-içməyimə bir qulp taxır, söylənir, bağırır. A.Şaiq. O hər şeyə etiraz edir, hər sözə qulp qoyur, min cür şıltaqlıq göstərirdi. Ə.Vəliyev. Qulpunu itirmək - haradan tutacağını bilməmək, hesabını çaşdırmaq. İşin qulpundan yapışmaq - bir işə girişmək, bir işdən yapışmaq, bir işlə məşğul olmağa başlamaq. Uşaqlar böyüyüb hərəsi bir işin qulpundan yapışandan sonra, Əkbər tamam rahat nəfəs alacaqdı. Mir Cəlal. Yumurtaya qulp taxmaq hər şeyə bir bəhanə və səbəb tapmaq. Paylaşın - Hamı bilsin
|