QÜRBƏTis. [ər.] 1. Yad ölkədə, yad yerdə olma, vətənindən uzaq ölkədə və ya yerdə olma; qəriblik. Qürbət aləmi, yar fəraqi məni aldı... Heyran xanım. Qürbətin acılıqları hər vaxtdan artıq gecələr hiss olunur. M.S.Ordubadi. Onun qürbətdən şikayətə öyrənmiş dodaqları arasında xırdaca sədəf dişləri görünürdü. M.Hüseyn. Özgə yer, vətəndən uzaq yer, yad ölkə. Kərbəlayı Məhəmmədəli iki il yarımdır ki, qürbətə çıxıb, az-çox çörək pulu qazansın. C.Məmmədquluzadə. [Şahnisə xanım:] ..Kiçikbəyim kimi bir gülü götürüb Tehrana atıram. Kim bilir.. qürbətdə qızım necə olacaq, başına nələr gələcək. Çəmənzəminli.
sif. Vətəndən uzaq, yad, özgə, yabançı. Müddətdi düşmüşəm qürbət diyarə; Kimsədən olmadı dərdimə çarə. Q.Zakir. Əcəba, səndəmi məni qürbət vilayətdə tək buraxıb getmək istəyirsən? M.S.Ordubadi. Qürbət bir şəhərin bazarında iki adam qabaqqabağa gəlib bir-birinə zənn ilə baxdılar. Çəmənzəminli. Paylaşın - Hamı bilsin
|