RAHATsif və zərf [ər.] 1. Əziyyətsiz, əziyyət verməyən, narahat etməyən. Yarım saata qədər yenə rahat uçuruq. M.İbrahimov. Maşın təzə olduğundan çox rahat idi. Ə.Vəliyev. □ Rahat durmaq - nadinclik etməmək, sakit durmaq, əl-qol açmamaq. Azanda div çöldə qalan çocuqları boğazlar; Tanrı bilməz, rahat durmaz insanları yeyərmiş... A.İldırım. Rahat etmək- bax rahatlamaq. Qərib üçün xacə yer salıb, otaqların birində onu rahat etdi. “Aşıq Qərib” . [Nurəddini] .. gecə qulluqçu rahat edəndə anası yadına düşüb, təzədən ağlamağa başladı. S.S.Axundov. Rahat qoymamaq incitmək, əziyyət vermək, narahat etmək, dinc qoymamaq, sakit qoymamaq. Ən gözəl bir nəğməni; Durub dinləyəndə mən; Yadıma düşürsən sən; Rahat qoymursan məni! Ə.Cavad. Rahat olmaq - bax rahatlanmaq. [Yavər Mədinəyə:] Hə, indi rahat oldunmu, mənim əzizim? - deyib soruşdu. M.Ibrahimov. Cavad gülümsündü, Aslanı göstərərək dedi: - Aslana yaxşı baxsan, mənim də ürəyim rahat olar. Ə.Vəliyev.
Qayğısız, dərdsiz, dərdsiz-qəmsiz; sakit, asudə. Rahat yaşamaq. - Rahat nəfəs çəkə bilmir uyquda; San qatilin görür durmuş pusquda. A.Səhhət. [Mirzağa] yalnız evlənməklə öz həyatını müəyyən bir şəklə sala bilər, onun sayəsində asudə, rahat bir həyat sürə bilərdi. S.Hüseyn. Gen, gen-bol, narahat etməyən. Rahat paltar. rahat-rahat zərf Rahatcasına, rahatlıqla, narahat olmadan, sakit-sakit. Qalın paltolu adamlar rahat-rahat küçələrdən keçirdilər. Şaiq. Yerinə girən kimi dərin yuxuya getmiş Aşıq Calal rahat-rahat nəfəs alırdı. Ə.Məmmədxanlı. Paylaşın - Hamı bilsin
|