RƏHMƏTis. [ər.] klas. 1. Yazığı gəlmə, rəhm etmə, mərhəmət.
məc. Nemət, bərəkət mənasında. Alqış sənə, ey zəhmət; Dünyaya saçan rəhmət; Sənsən bu əməklərlə. A.Şaiq. məc. Dindarların etiqadına görə, Allahın mərhəmətinin təzahürü olaraq yağan xeyirli yağış. Müsəlman dininə görə Allahın ölülərə rəhm edib günahlarını bağışlaması. □ ...rəhmət! - Allah ... günahından keçsin! Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana; Zərrəcə qəti-məhəbbət etmədin, rəhmət sana. Füzuli. □ Rəhmət demək (oxumaq) - yaxşılıqla anmaq, yaxşılığına danışmaq. Düşmən düşmənə rəhmət oxumaz ki... - Sanma varis mənə rəhmət oxuyub heyf çəkər. M.Ə.Sabir. [Mirzə Heydər:] Cəmi-aləm [atama] rəhmət oxuyur. Ə.Haqverdiyev. [Qara kişi:] Gərək hamıya yaxşılıq eləyəsən ki, öləndə hamı rəhmət desin. B.Bayramov. Rəhmət etmək bax rəhmətə getmək. Rəhmətə getmək ölmək. Vaxt yetişdi, anası.. rəhmətə getdi; Bu həsrətin ağrısını duydu Əmirxan. S.Vurğun. Allah rəhmət eləsin! - təsəlli və təziyə ifadəsi. Yazıq Molla Tanrıqulu, Allah sənə rəhmət eləsin! C.Məmmədquluzadə. [Molla Əkbər:] Bu tarçı .. Əsəd deyildi... Tanrıçı Əsəd idi... Yaxşı adam idi. Allah rəhmət eləsin... B.Talıblı. Allah(ın) rəhmətinə getmək - bax rəhmətə getmək. [Səkinə xanım:] Qardaşım Allahın rəhmətinə getdi. M.F.Axundzadə. Paylaşın - Hamı bilsin
|