RUZİis. [fars.] Azuqə, yeyəcək. Qonağın ruzisi özündən qabaq gələr. (Ata. sözü). [Şahmar:] Əgər bu çinar yeməli meyvə gətirsə, özü də yaxşı tutsa, bütün bir kəndin ruzisi olar. B.Bayramov. □ Ruzi etmək (eləmək) - azuqə kimi işlətmək, yeyəcək kimi istifadə etmək. [Fərəc:] Bir şey yığıb verərsiniz, mən də aparıb özümə ruzi edərəm. Qantəmir. [Mirzə] meşənin pencər və otundan ruzi etməyə başladı. S.Rəhimov. Ruzi qazanmaq, ruzisini çıxarmaq - gündəlik yemək-içməyini əldə etmək, çörəkpulu qazanmaq. [Kazım:] Indi.. xanın sayəsində təzətəzə uyuşub, balalarımın ruzisini çıxarıram. Çəmənzəminli. Ruzimi (ruzini, ruzisini) əldən buraxmaq (çıxarmaq) - əlinə düşən nemətdən, azuqədən məhrum olmaq; uduzmaq. [Ovçu:] Nə üçün ruzimi əlimdən buraxım, nə üçün halal malımı sənə bağışlayım? Ə.Məmmədxanlı. Ruzisini kəsmək - yeyəcəkdən məhrum etmək, yeyəcəyini əlindən almaq, yeyəcəksiz qoymaq; ac qoymaq. [Nəcəf] uşaqların ruzisini kəsəndə belə olar. İ.Əfəndiyev.
Paylaşın - Hamı bilsin
|