UCALIQis. 1. Yüksəklik, hündürlük. Dağın ucalığı. Boyun ucalığı. Tavanın ucalığı. - Siz öləsiz, elədi, bax, odu, Hacı Namazalı özüdü, papağının ucalığı burdan da görsənir. Məmmədquluzadə. // Ətraf sahəyə nisbətən daha hündür olan sahə, yer; təpə. Ölçüsüz ucalıqda; Qorxunc bir külək qopar; Kəsərdi yollarını qanadlarımın. R.Rza.
məc. Yüksək ictimai mövqe, vəziyyət. Əzalar isə süst olub indi qocalıqdan; Bir dadrəsim yox, görməzmisən əhvalımı, düşdüm ucalıqdan. M.Ə.Sabir. [Səkinə:] Yox, Rüstəm, sən heç şeyə aldanma, nə elə ucalığını istəyirəm ki, əl çatmasın, nə də elə yıxılmağını ki, ayaqlar altına düşəsən. M.İbrahimov. məc. Mənəvi yüksəklik, təmizlik, nəciblik, alicənablıq; şərəf. İstəyim xalqıma hər an ucalıqdır, ucalıq; Mənə yaddır qocalıq. S.Rüstəm. [Tahir] yenə də bu xüsusda düşünür, Lətifənin mənəvi ucalığı ilə fəxr eləyirdi. M.Hüseyn. Paylaşın - Hamı bilsin
|