UÇURUMis. 1. Çox sarp, dik və dərin yamac; yarğan, sıldırım. Sağımız dağ, solumuz qorxunc uçurum, meşəlik, dağlıqdır. S.Rüstəm. Uçurumun dibi böyük tikan kolları ilə örtülmüşdü. Ə.Məmmədxanlı. // sif Uçurumlu, sıldırımlı, sıldırım. ..Qaraca qızın qabağına bir uçurum dərə çıxdı. S.S.Axundov. Kəşfiyyatçılar iri gövdəli qalın meşədən birdən uçurum bir dərəyə düşdülər. S.Rəhimov.
məc. Dərin fərq, ayrılıq, ziddiyyət. [Rəşid Naşad] ər ilə arvad arasındakı uçurumu dərinləşdirirdi. S.Hüseyn. məc. Təhlükə, dəhşət, faciə, fəlakət; fəlakətli aqibət. Qudurğan qasırğa, çarpaşıq yollar; Yolumda zülmət var, uçurumlar var. Ə.Cavad. Qarafikirli adamlar Təbriz xalqını .. uçurumlara çəkirdi. M.S.Ordubadi. Paylaşın - Hamı bilsin
|