UŞAQis. 1. Azyaşlı oğlan, ya qız; çocuq. Uşaqlar üçün kitab. Uşaqların tərbiyəsi. Şerə başlarkən uşaqdım, dostlar! S.Rüstəm. Uşaqlar çox vaxt qolsuz bir köynəklə yaşıl ot üstündə ayaqyalın gəzirlər. Mir Cəlal. // Cavan, gənc (oğlan, ya qız). inad uşaq. Cəsarətli uşaq. Yaxşı uşaqdır. Tərbiyəli uşaqdır.
2. Oğlan, ya qız (körpə, bala). Südəmər uşaq. Doğulan uşaq oğlandır. Əkiz uşaqlar. ..Sürəyya uşaq doğarkən vəfat etdi. S.S.Axundov. □ Uşağı olmaq - övladı olmaq, uşaq doğmaq (oğlan, ya qız). Uşağı olmamaq - sonsuz, övladı olmayan adam haqqında. Aşıq Cünun bilirdi ki, Koroğlunun uşağı olmur. “Koroğlu” . Əsmərin uşağı olmurdu. S.Hüseyn. məc. Müqayisə, bənzətmə məqamında. Uşaq kimi hərəkət etmək. Havaxta qədər belə uşaq olacaqsan? - [Sultan bəy:] Uşaq ki deyilsən, hər bir şeyi bilirsən, anlayırsan. Ü.Hacıbəyov. [Hümmət:] Ay Qara Yusif, ay eloğlu, sən də belə? Əyə, sən də uşaq kimi danışdın? B.Bayramov. □□ Uşaq bağçası - məktəbəqədər yaşlı uşaqlar üçün tərbiyə müəssisəsi. Uşaq evi ata-anaları olmayan uşaqlar üçün internatı olan təlim və tərbiyə müəssisəsi. [Seryoja:] Deyirlər ki, 1941-ci ilin dekabrında məni uşaq evinə vermişlər. Z.Xəlil. Uşaq kimi baxmaq (bəsləmək) - əzizləmək, çox sevmək, göz bəbəyi kimi qorumaq, başına-ayağına keçmək. [Qulu:] Xədicə xanım, görünür, Yusif bəyi çox istəyir. Onu lap uşaq kimi bəsləyir. N.Nərimanov. Uşaq şəhərciyi - uşaqlar üçün sağlamlaşdırma və tərbiyə müəssisəsi (bağlarda, parklarda və s.-də). Uşaqların anası evf. - arvad, zövcə. Gördüm uşaqların anası öz-özünə mırtdanır. C.Məmmədquluzadə. Qurban Molla Fərzəliyə bir az da yaxınlaşdı. Gizli bir söz söyləyirmiş kimi fısıldayaraq: Molla, əvvəlcə məndən uşaqların anasına salam yaz, - dedi. Uşaqların atası evf. - ər, kişi. Paylaşın - Hamı bilsin
|