UZAQsif. və zərf 1. Məsafə etibarilə yaxın olmayan, çox aralı olan (yaxın ziddi). Uzaq yerlər. Uzaq məsafə. - Köhnə Azərbaycanın uzaq bir bucağında; Qoca Həsən dayının alçaq koması vardı. R.Rza. Ehtiyat xala dəmir yolundan xeyli uzaq səfalı yaylaq şəhərində yaşayırdı. Mir Cəlal. // Çox uzun. Mən necə oturum evdə, siz deyin; Axı uzaq yollar çağırır məni. N.Xəzri. // Uzaqdan görünən, uzaqda olan. Eldar dərindən köksünü ötürdü və sazı sinəsinə basıb, gözlərini uzaq bir nöqtəyə zilləyib çaldı. M.Rzaquluzadə. Uzaq üfüqdə dağlar qaralır, göydə tez-tez ulduz uçurdu. İ.Əfəndiyev. // Uzaqdan gələn, uzaqdan eşidilən. Uzaq top səsi. Uzaq uğultu səsi. Uzaq urra səsləri. - Səslənib evdə uğursuz bir zəng; Sardı ətrafı uzaq bir ahəng. M.Müşfiq.
Zaman, vaxt etibarilə yaxın olmayan, indiki vaxtdan çox-çox əvvəl olan, vaxtilə, çox keçmiş zamanda olmuş, keçmişə aid olan. Vaxtilə uzaq və amansız bir zəlzələ böyük və gözəl bir şəhəri yerlə yeksan edərkən anası da onu uçulan divarlar arasında doğmuşdu. Ə.Məmmədxanlı. // Uzaq gələcəkdə baş verəcək, olacaq, həyata keçəcək. Uzaq perspektivlər. Uzaq arzular. Uzaq xəyallar. Uzaq tədbirlər. Uzaq ümidlər. Uzaq planlar. məc. Bir şey haqqında düşünməməyi, bir şey etmək niyyətində, qəsdində, ya arzusunda olmamağı bildirir. Bütün sevənlər kimi [Həsən də] Dilarada bir nöqsan tapmaqdan uzaq idi. M.İbrahimov. Qız savadsızlığına, hadisənin əslini əsaslı surətdə başa düşməkdən çox uzaq olduğuna baxmayaraq, vəziyyətin fövqəladəliyinidərkedirdi. Ə.Əbülhəsən. məc. Yad, yabançı, özgə; yaxın olmayan. Uzaqdır sevimli gözlərin mənə. M.Müşfiq. Yenə gün calanır; Ötən günlərə; Mən sənə yaxınam; Sən mənə uzaq. N.Xəzri. Uzaqda şəklində zərf - uzaq yerdə, uzaqlarda, uzaq məsafədə. Bir də nə gördüm?! Uzaqda iki göz məşəl kimi yanırdı. Baxdım, pələngdi. A.Şaiq. Sonra Kəpəz qızardı uzaqda yavaş-yavaş; Yandı bir yaqut kimi hər qaya, hər çaqıl daş. Z.Xəlil. Uzaqdan şəklində zərf - 1) uzaq məsafədən, uzaq yerdən, uzaqlardan. Uzaqdan təkbir güllə səsi gəlir. C.Məmmədquluzadə. Uzaqdan göründü bir bölük atlı; Atları quşlardan iti qanadlı. S.Vurğun; 2) yandan, kənardan. Tülkü... yavuğa düşməyib uzaqdan keçdi. Q.Zakir. Cəm şəklində: uzaqlar - 1) uzaq yerlər, uzaq məsafələr. Eyvana açılan qapıdan gur işıqlar qaranlığı parçalayıb uzaqlara yayıldı. M.İbrahimov. Cavad durbini gözünə qoyub uzaqlara baxdı. Ə.Vəliyev; 2) uzaq məmləkətlər, uzaq ölkələr, uzaq yerlər. İndi Bakı neft sənayesi şöhrəti uzaqlara yayılmış güclü mütəxəssislərə malikdir. İ.Əfəndiyev. □□ Uzağa buraxmaq - təxirə salmaq, daha sonraya qoymaq, daha gec bir vaxta buraxmaq, keçirmək. Doğrudan da Əhməd məsələni uzağa buraxmayıb, o saat Nabat xanımın yanına elçi göndərdi. B.Talıblı. Uzağa getmək - həyatda müvəffəq olmaq, irəli getmək, irəliləmək, artmaq, böyümək, tərəqqi etmək. ...uzağa getmək lazım deyil - əldə olan, hazırda olan, göz qabağında olan bir şey haqqında danışarkən deyilir. Nümunə üçün uzağa getmək lazım deyil. Uzağı görmək gələcəyi, gələcəkdə ola biləcək şeyləri, hadisələri qabaqcadan bilmək, düşünmək. Uzaq (uzağa) getmək məc. - həddi aşmaq, danışığında, hərəkətində ifrata varmaq. Uzaq durmaq (gəzmək) - yaxınlaşmamaq, yaxınlıq etməmək, yaxın durmamaq, əlaqə saxlamamaq. [Balaş:] Gülüşcan, .. bir ildir səni görməmişəm. Nə üçün məndən uzaq gəzirsən? C.Cabbarlı. Uzaq düşmək - bir-birindən çox aralı düşmək, uzaqda qalmaq, uzaqda olmaq. [Qərib:] Uzaq düşdüm mən yarımdan; İzin ver, paşa, mən gedim. “Aşıq Qərib” . [Yaralı zabit Xavərə:] Çünki yalnız mənimlə uğraşaraq; Aqibət düşdün Arifindən uzaq. H.Cavid. Uzaq keçmiş - qədim və yaxud bundan çox-çox əvvəlki dövr, zaman. Uzaq keçmişin qalıqları. Uzaq keçmişin xatirələri. Uzaq keçmişə aid mədəniyyət abidələri. Uzaq keçmişimizin tarixinə aid materiallar. Uzaq qaçmaq - yaxınlaşmamaq, yaxınlıq göstərməmək, özünü uzaq tutmaq, uzaq gəzmək, özünü yad kimi aparmaq. [Mozalanbəy:] Eybi yoxdur, Hacıdan uzaq qaçarıq, ancaq bir hamama girək. Ə.Haqverdiyev. Məmməd Həsənoviç nə qədər xatalı işlərdən uzaq qaçdı, o qədər xata ondan əl çəkmədi. M.İbrahimov. Uzaq qohum - kökü bir əcdada gedib çıxan, lakin sonradan getdikcə nəslən uzaqlaşan qohum. Əzizim, bu yaxşıdır; İçməyə su yaxşıdır; Karsız, uzaq qohumdan; Yaxın qonşu yaxşıdır. (Bayatı). [Yaşlı kişi:] Ehtimal, uzaq qohumlarımızdan biridir ki, anamı da tanıyır. S.Hüseyn. Uzaq olmaq - 1) uzaqlaşmaq, yaxın durmamaq. Pis işlərdən uzaq olmaq. - Məskənim Qazax oldu; Ürəyim duzax oldu; Mən yara yaxın getdim; Yar məndən uzaq oldu. (Bayatı); 2) əmr şəklində: uzaq ol(un) - rədd ol(un), uzaqlaş(ın), yaxın durma(yın). Zeynal üçüncü kərə ona faytona oturmağı təklif etdikdə Mehriban əsəbiləşdi: - Məndən uzaq olunuz, - deyib onu rədd etdi. S.Hüseyn. Uzaq olsun - arzu edilməyən, istənilməyən, zərərli, xətərli bir şey, hadisə haqqında. Bəlalar başından uzaq olsun! Xəstəlik canımızdan uzaq olsun! Uzaq salmaq - uzaqlaşdırmaq. Bu hərəkatda iştirak etməmək.. bizi hər bir cəhətcə mədəniyyətdən uzaq sala bilər. U.Hacıbəyov. Ömrün hər ilinə; Bir ümman dedim; Niyə uzaq saldı bu illər bizi?! N.Xəzri. Uzaqdan baxmaq - seyrçi kimi tamaşa etmək, seyrçi qalmaq, qarışmamaq. Paylaşın - Hamı bilsin
|