ÜZÜK1is. 1. Əsasən qızıldan qayrılan, bəzək üçün və ya evlilik rəmzi kimi barmağa taxılan halqa; barmaqlıq. Brilyant qaşlı üzük. - Balaca bir qutudan [Səkinə] “Zvezda” markalı qızıl saat və zümrüd qaşlı bir üzük çıxartdı. M.Ibrahimov. Güldanə titrəyən barmaqlarından anasının bağışladığı üzükləri çıxardıb gizlətdi. Ə.Vəliyev. □ Üzük gətirmək (aparmaq) etnoqr. - razılıq əldə edildikdən sonra qıza nişan taxmaq üçün oğlan evindən qız evinə üzük və şirni gətirmək (aparmaq). [Rəşid:] Bir neçə gündən sonra üzük aparırlar, Fərəcin böyük qızı Qurbanqulu üçün alınır. T.Ş.Simurq. iki gün sonra elçiliyə gələn arvadlar üzük gətirdilər. M.S.Ordubadi. Üzük qaşı - üzüyün üstündə olan qiymətli daş. Qanlı göz yaşlarıyla ömrü ötüb gecənin; Gözündə bir quruşa dəyərmi üzük qaşı? B.Vahabzadə. Üzük taxmaq nişanlı olduğunu bildirmək üçün qızın barmağına üzük keçirmək; nişanlamaq. Qıza üzük taxmaq. - Qətibənin barmağına Şərqin ən qiymətli cavahirini daşıyan bir üzük taxıldı, kəbin siğəsi oxundu, sonra da şam süfrəsinin başına keçdilər. M.S.Ordubadi.
2. Üzük şəklində detal, hissə. Valın üzüyünü dəyişmək. □□ Üzük qaşı kimi əhatə etmək (dövrəyə, araya almaq, halaylamaq) - əhatə etmək, mühasirəyə salmaq, ətrafını tutmaq, hər tərəfini sarmaq. Məmmədəli bəy at minib, öz dəstəsilə Nəbini üzük qaşı kimi araya alır. “Qaçaq Nəbi” . Maşın məktəb həyətində dayananda camaat onu üzük qaşı kimi halaylamışdı. R.Rza. Üzükdən keçmək - çox zərif, incə şey haqqında. Gözəl xala deyir, Qəmər dəvə yunundan bir pencəklik şal toxumuşdu, üzükdən keçirdi. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|