İzahlı lüğət

XÜSUSİ

sif. [ər.] 1. Ancaq ayrıca bir şəxsin özünə aid olan, özü ilə bağlı olan, özünə xas olan; şəxsi, fərdi. Xüsusi təşəbbüs. Başqasının xüsusi həyatına qarışmaq. - [Məcid Əfəndi:] Yaxşı ki gəldiniz, sizinlə xüsusi bir işim daha var.. H.Cavid.
Şəxsi mülkiyyətlə, fərdi təsərrüfatçılıqla və bundan doğan ictimai-iqtisadi münasibətlərlə bağlı olan. Xüsusi alver. Xüsusi mülkiyyət. Xüsusi təsərrüfat. // Kollektivə, cəmiyyətə, dövlətə və s.-yə deyil, ayrıca şəxsə, sahibkara məxsus olan; şəxsi. Xüsusi mal. Xüsusi kitabxana. Xüsusi ev. Xüsusi maşın. // Ayrı-ayrı şəxslər tərəfindən icra edilən, dövləti xidmət xaricində olan. Xüsusi sifariş. Xüsusi dərs götürmək. Həkimin xüsusi qəbulu var.
Başqalarından fərqlənən, səciyyəvi xüsusiyyəti olan; qeyri-adi. Xüsusi əlamət. Müğənninin səsində xüsusi bir məlahət var. Xüsusi bir əda ilə danışmaq. // Bir şeyin, ya şəxsin fərqləndirici xüsusiyyətini təşkil edən, ancaq müəyyən bir şəxsə, ya şeyə, hadisəyə xas olan; spesifik, səciyyəvi, özünəməxsus. Bəzi dərmanların xüsusi iyi var. Işin xüsusi cəhətlərinə diqqət yetirməli. Bu yeməklərin xüsusi ləzzəti var.
Ancaq müəyyən şəxslər və ya məqsəd üçün olan; məxsusi. Qəzetin xüsusi nömrəsi. Nümayəndələr xüsusi qatarla yola düşdülər. Teatrda xüsusi yerlər. Xüsusi komissiya işə başlamışdır.
Ayrıca götürülmüş, ayrı-ayrı, təsadüfi, qeyri-səciyyəvi, müstəsna. Xüsusi hallarda. Xüsusi faktları qanun kimi götürmək olmaz.
Elm, texnika, sənət və s.-nin hər hansı bir sahəsinə aid olan. Xüsusi təhsil məktəbi. Xüsusi fənlər.
Daha böyük, daha güclü, daha mühüm. Xüsusi bir məhəbbətlə sevmək. Xüsusi qayğı göstərmək. Xüsusi zəhmət tələb edən iş. Xüsusi müxbir - işlədiyi qəzeti (jurnalı) müntəzəm surətdə informasiya ilə təmin edən qəzet və ya jumal əməkdaşı. M.Ə.Sabir “Həyat”, “İrşad” və “Tazə həyat” qəzetlərinin Şamaxı üzrə xüsusi müxbiri olmuş, həmin qəzetlərdə müntəzəm surətdə çıxış etmişdir. M.Məmmədov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......