İzahlı lüğət

YALAN

is. Aldatmaq məqsədi ilə deyilən əsilsiz söz (doğru, gerçək ziddi). Yalan söyləmək. - Surxay öz yalanından utanıb qıpqırmızı oldu. M.Hüseyn. □ Yalan danışmaq yalançılıq etmək, doğru söyləməmək, danışarkən həqiqəti gizlətmək. [Kişi:] Bütün rayon onu da bilir ki, bu bir ildə mən hələ yalan danışmamışam. İ.Hüseynov. Yalan satmaq aldatmaq, yalan demək. Yalan satar tamam bir-birinə; Zahirdə ittifaq, batində nifaq. Q.Zakir. [Sultan:] Bütün rayon bilir ki, Sultan Əmirliyə yalan satmaq adama çox baha oturur. İ.Hüseynov. Yalan yerə - yalandan, yalan olaraq, aldatmaq məqsədi ilə; nahaq, səbəbsiz. Yalan(a) çıxmaq - əsli olmadığı meydana çıxmaq, düz çıxmamaq. Yalanı çıxmaq - doğru danışmadığının üstü açılmaq, sözlərinin yalan olduğu aşkara çıxmaq. Yalanını tutmaq - düz danışmadığını ifşa etmək, danışdığı sözlərin əsilsiz olduğunu bəlli etmək. Hər kəs istəyir ki, mənim yalanımı tutsun, təvəqqe edirəm, bu yazdığıma yaxşı diqqət eləsin. C.Məmmədquluzadə. // sif Düz olmayan, əsli olmayan, qeyri-həqiqi, qeyrigerçək; uydurma. Yalan söz. Yalan xəbər. Yalan vədlər. - Müridlərdə bütün bidəti, cinayəti, fisqi; Yalan hədisləri rövzəxanda görməli imiş. M.Ə.Sabir.
□□ ...yanında yalandır - müqayisə bildirir. Kəşfiyyat quyusundan elə neft çıxır ki, onun yanında Suraxanı nefti yalandır. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......