İzahlı lüğət

YAN

is. 1. Tərəf, ətraf. Yanlarda düşmən qalmamışdı. H.Nəzərli. [Güldəstə:] Məktub bu yandadı. H.Seyidbəyli. □ Yan almaq yanaşmaq, yaxınlaşmaq, yaxın durmaq. [Rəsul] yan alıb lotubaşıdan xəbər aldı: - Əmi, bu kağızlar nə olan şeydir? “Aşıq Qərib” . Bu zaman qatar sürətini azaldıb fit verə-verə stansiyaya yan aldı. A.Şaiq. Hamı ağır bir yük altından çıxıb yüngülləşmiş kimi danışadanışa otaqdan çıxanda, Tahir anasına yox, kolxoz sədrinə yan aldı. M.Hüseyn. Yan vermək - yanaşmaq. Bir kərə qan bu mətləbi, xalqa ziyan verirsiniz; Molla gedir yemək üçün, siz ona yan verirsiniz. C.Cabbarlı. Dörd (bir) yandan - hər tərəfdən, dörd tərəfdən. [Kərəm:] Coşqun boran alıb dörd bir yanımı; Soyuq kəsib iliyimi, qanımı. “Əsli və Kərəm” . Hər gölməçənin dörd yanına torpaqdan sədd çəkilmişdir. M.Hüseyn. // Yer mənasında.
Heç bir yanda yoxdur. // Yön, istiqamət. Bu yandan getdi.
Bədənin çiyinlərdən buda qədər olan sağ və ya sol hissəsi; böyür. [Mehriban] yanı üstə çevrildi. S.Hüseyn. Ballı.. kürsü çəkib .. [Qara kişinin] yanında oturdu. Ə.Əbülhəsən. Vəzirov yenə də aciz və yazıq bir görkəm alıb, boynunu yana sarı əydi. M.Hüseyn. Sağ və ya sol tərəfdə olan. Yan cib. Yan küçə. - [Qəhrəman:] Siz gözüaçıq olun, - deyə yoldaşlarıma tapşırdım və yan otağa getdim. H.Nəzərli. □ İki yanında - sağında və solunda. Bu yanında, ... o yanında - sağında, solunda. [Məşədi İbad:] Qəribə yerdəyəm, vallah, bir gözəl o yanımda, bir gözəl bu yanımda. Ü.Hacıbəyov.
Kənar, qıraq. Hacı Qulu .. ehtiyatla quyunun yanına uzanıb diqqətlə baxdı. A.Şaiq. Evin dibində yanının nazik dəmirləri qopmuş, taxtasının şirəsi çoxdan getmiş bir sandıq .. vardı. M.İbrahimov. [Qərənfil xala] göndərilə biləcək şeyləri bir yana yığdı. Ə.Vəliyev. □ Yan eləmək - kənara itələmək. Səkinə, qızın qollarını yan elədi. M.İbrahimov. Çalsaqqal kişi.. adamları yan eləyib .. elə bil vahimə içində sağa-sola yüyürürdü. Mir Cəlal. Yana durmaq - kənara çəkilmək, uzaq dayanmaq. Göydə mələklər yana durdu; Mələklər də sana durdu. Qurban. Yandan çıxmaq nagah, gözlənilmədən, birdən gəlmək, görülmək, ortaya çıxmaq. Bir yana atmaq laqeyd münasibətlə kənar etmək.
Sağrı, oturacaq. Çox çəkmədi ki, Mirzə Süleyman yanını ovuşdura-ovuşdura qapıdan çıxdı. B.Talıblı. [Cavad] yarımkürkünün yaxasını açaraq yanını ağac kötüyünün üstünə qoydu. Ə.Vəliyev. □ Yanı yer görməmək bir yerdə oturmamaq, daim ayaq üstə olmaq, yerimək. Əntiqənin yanı yer görmürdü. Səhərdən axşamacan evdə məşğul idi. Mir Cəlal. Yanını basmaq - dümsükləmək, dümsüklə işarə etmək. Alagöz bir qız, Gülsümün yanını basdı. M.İbrahimov. Yanını çəkmək - axsamaq, taytımaq. Yanını yerə qoymaq (vermək) - oturmaq. [Həsən:] [Tubu] gəl, bir yanını yerə qoy, gör nə deyirəm. Ə.Haqverdiyev. [Vəli:] ..Çəksürünü keyfin hara istəyir, .. özün də yanını ver yerə; al tütəyi əlinə, vəssalam. N.Vəzirov. Bilavasitə yaxınlıq, birgəlik bildirir. Yanında dostlarından iki nəfər dəxi var idi, onun söhbətinə qulaq asırdılar. M.F.Axundzadə. [Ziba] çox gecələri [Əsmərin] yanında yatırdı. S.Hüseyn. [Həbib bəy:] ..Zəhmət çək, hacının yanına minnətə get. S.Rəhman. □ Yanına almaq - yaxınlığına gətirmək. Vahid uşağı yanına alıb oynadır, dilə tutub yatırtmaq istəyirdi. Mir Cəlal. Yanına çəkmək - öz tərəfinə gətirmək. Hər kəs öz yarını çəkib yanına; O ki mənəm elə həsrət çəkirəm. Q.Zakir. Yanına düşmək - birlikdə getmək. Molla taytıya-taytıya düşür bunların yanına. “M.N.lətif.” Gəldiyev “gedək” - deyə Rübabənin yanına düşdü. Mir Cəlal. Yanına salmaq - özü ilə aparmaq. Sabah ertə böyük bağımızı gəzmək bəhanəsi ilə Məmmədrzanı yanıma salıb getdim. S.S.Axundov. [Müəllim] bir gün Mayisi yanına salıb Qaçaygilə getdi. Ə.Vəliyev. Yanında saxlamaq - özü ilə birlikdə, özündə saxlamaq. Gətirmişdin sən Zakiri əmanə; Derdi, gedəcəyəm kuyi-cananə; Xeyir görsün, istər düşsün ziyanə; Yamanyaxşı saxla bari yanında. Q.Zakir. ...dan // ...dən bu yana - ...dan ...dən bu vaxta qədər. Amma arvadların bu dərəcə həyasızlıqlarını .. dünya yaranandan bu yana heç eşidibsinizmi? C.Məmmədquluzadə. Nə var ki, unutmuşam paltosunu tutmağı; O axşamdan bu yana açılmır qaşqabağı. S.Rüstəm. Öz yanından - 1) guya; 2) öz bildiyi kimi, özündən. Məşədi bəy student qızın adını öz yanından uydururdu. M.Hüseyn. Fikri (xəyalı)... yanında olmaq - diqqəti ...də olmaq. Ramazanın əvvəlinci günündən müsəlmanların fikir və xəyalı cücəplov yanındadır. C.Məmmədquluzadə. [Qərənfil xalanın] bütün xəyalı bu saat cəbhədə olan nəvəsi ildırımın yanında idi. Ə.Vəliyev.
Yanında, yanımda şəklində: iki müqayisə obyektindən birinin digərindən üstünlüyünü bildirir. Onun yanında bu heçdir.
□□ Yan baxmaq - bəyənməmək, həqarətlə baxmaq, pis münasibət bəsləmək. [Altay:] And olsun vicdana, bu gündən sonra; Hər kim yan baxarsa bu yoxsullara; ildırımlar partlayacaq başında; Adı yazılacaq məzar daşında. H.Cavid. Yan gəzmək - görüşmək istəməmək, uzaq gəzmək. Bilmirəm ki, neyləmişəm cananə; Hər görəndə məndən belə yan gəzər. Məhəmməd bəy Aşıq. Yanını kəsmək (kəsdirmək) - əl çəkməmək, ayrılıb getməmək. Dərdü qəmü möhnət kəsib yanımı; Qoymaz yerə düşə, içər qanımı. Q.Zakir. Vəfalı Hüsniyyə rəfiqəsinin yanını kəsdirib sübhə qədər gözlərini yummadı. S.S.Axundov. Yanlarını qapmaq - çox hirslənmiş, qəzəblənmiş adam haqqında. Həmin axşam Həsənəlinin evində ümumi bir övqattəlxlik vardı. Tərlan xanım yanlarını qapırdı. Mir Cəlal. Bir yana çıxartmaq - 1) həll etmək, bir nəticəyə gəlmək. Bu barədə yoldaşlarımıznan çox fikirləşdik, fikirləşdiksə də, bir yana çıxarda bilmədik. C.Məmmədquluzadə; 2) tərbiyə vermək, böyütmək. Bir yana çıxmaq - həyatda öz yerini tapmaq. Bir yandan..., o biri yandan... mütəmadiyən, həmişə. Çürümüş parçanın dəxi faydası yoxdur: bir yandan yamadın, o bir yandan cırılacaq. C.Məmmədquluzadə. ...o yana qalsın (dursun) - “başqa” , “əlavə” mənasında. Hər şey o yana qalsın, [Sara xanımın] on iki taxtadan kəsdiyi məxmər tumanı dövrhadövr dörd barmaq enində bafta olurdu. Qantəmir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

YA1

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed