İzahlı lüğət

YAXŞI

sif. 1. Müsbət xüsusiyyətlərə və ya keyfiyyətlərə malik olan; öz keyfiyyəti ilə verilən tələbləri təmin edən, lazımi qaydada olan; bəyənilən (yaman ziddi). Yaxşı yeməklər. Yaxşı mal. Yaxşı at. Yaxşı mənzil. Yaxşı xətt. Yaxşı tərcümə. Yaxşı şərait. // Gözəl, xoş. Yaxşı kitab. Yaxşı musiqiyə qulaq asdıq. Yaxşı təsir bağışladı. Yaxşı şeirlər yazır. - [Gülçöhrə:] Özü yaxşı, sözü yaxşı.. Ü.Hacıbəyov. // Sevimli, mehriban, əziz, istəkli (“mənim” sözü ilə nəvaziş bildirir). Mənim yaxşı oğlum! Mənim yaxşı balam! // Əlverişli, faydalı, dəyərli, müsbət. Yaxşı məsləhət. Yaxşı nəticə. Yaxşı fikir söylədi. // Xoş, səfalı. Yaxşı hava. Yaxşı yerlərdə dincəlirik. Yay yaxşı (z.) keçdi. // Təcrübəli, məharətli. Yaxşı usta. Yaxşı dərzi. Yaxşı mütəxəssis. Yaxşı rəssam. // Müsbət mənəvi keyfiyyətlərə malik olan; nəcib. Yaxşı adam. Yaxşı qadın. Yaxşı insan. - [Sultan bəy:] Yaxşı adam? Mən! Gəl də!.. Gəl qohum olaq, mən də dulam. Ü.Hacıbəyov. // Dəyanətli, sədaqətli. Yaxşı yoldaş. Yaxşı dost. Yaxşı arvad.
2. Zərf mənasında. Kifayət qədər, lazımınca, əməlli-başlı. Yaxşı oxumaq. Yaxşı tanış olmaq. Yaxşı yazmaq. - [Əsəd bəy:] Hərçənd yoldaş tacirliyin fəndini çox yaxşı bilir. M.S.Ordubadi. [Usta Məhərrəm:] Özünüz deyin, harda yaxşı qan aldırmaq olar? Ü.Hacıbəyov. [Əlləzoğlu] şişlərdən döşəməyə yağ damlaları səpələyə-səpələyə, yaxşı bələd olduğu evdə ora-bura vurnuxdu, bufetin qapılarını taqqıldatdı. İ.Hüseynov. // Tələbələrin biliyinə verilən “orta” qiymətlə “əla” qiymət arasında qiymət - “4” . Fizikadan “yaxşı” almaq. Bütün dərslərindən “yaxşı” alıb. Kifayət qədər, kafi miqdarda (böyüklükdə); çoxlu. Yaxşı qazanc. Yaxşı artım. Yaxşı maaş. Yaxşı pul verirlər. // məc. Güclü, qüvvətli, bərk, əməlli-başlı. Yaxşı bir yumruq ilişdirdi. Zərf mənasında. Salamat, itkisiz, zərərsiz. Bəladan yaxşı qurtardın.
“Yaxşı” , “razıyam” , “sən deyən olsun” mənasında razılıq bildirir. Yaxşı, mən də gedərəm. Yaxşı, sən də gəl. Yaxşı, əzizim, sən deyən olsun. // Sual cümlələrində. [Əsgər:] Yaxşı, bəy, fərz edək ki, mən xalamı verdim sənə, bəs əvəzində sən mənə nə verərsən? Ü.Hacıbəyov.
“Yadda saxla” , “çox əcəb” , “baxıb görərsən” və s. mənasında hədə bildirir (bəzən təkrarla işlənir). Yaxşı, görüşərik! Yaxşı, yaxşı, gör atana nə deyərəm.
Is. mənasında. Yaxşıların yaxşısısan; Gözəllərin xası, gəlin! Aşıq Ələsgər. Yaxşılıqla şəklində zərf. qalmaqalsız, rahatca, dalaşmadan, mübahisəsiz, əngəlsiz, xoşluqla. Yaxşılıqla çıxıb getdi. Yaxşılıqla məsələ həll olundu.
□□ Yaxşı gün - xoşbəxtlik, xoşbəxt həyat, yaxşı güzəran. Yaxşı olmaq - 1) sağalmaq. Xəstə yaxşı oldu. Yara yaxşı oldu. - ..Cəmil ağanın başının ağrısı lap yaxşı oldu. I.Musabəyov; 2) kinayə tərzində məmnunluq ifadə edir; əcəb oldu. Sənə lap yaxşı oldu. Yaxşı yol - yola düşən adama xeyir-dua. Usta Zeynal Mirzə Səfərin oğluna xeyir-dua verib, yaxşı yol ilə müvəffəqiyyət diləyib bir qızıl saat da verdi. Ə.Haqverdiyev. Qız: “Zəfərlə dönəsən, sənə yaxşı yol!” - dedi. M.Rahim. Yaxşını pisdən ayırd etmək - işin məğzinə vararaq anlamaq, seçmək; məsələni hərtərəfli yoxlayıb düzgün nəticə çıxarmaq. Rüstəm kişi Salmanı, cavan olsa da, gözüaçıq, işbacaran, yaxşını pisdən ayırd edən bir adam sayırdı. M.Ibrahimov. Yaxşısı budur ki... - ən münasib, ən məsləhət görülən şey haqqında. [Zeynal:] Yaxşısı budur ki, bir-birimizdən həmişəlik ayrılaq.. S.Hüseyn. Nə yaxşı, nə yaxşı ki - məmnunluq bildirir. Nə yaxşı, tez gəldin. Nə yaxşı ki, burada olmamısan. - [Mərcan bəy:] Nə yaxşı, razı oldu! Ü.Hacıbəyov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

YOX

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed