İzahlı lüğət

YUXARI

1. sif Üst, üstdə olan, yüksəkdə olan, yuxarıda olan. Yuxarı mərtəbə. Gəminin yuxarı göyərtəsi. - [Qərənfil xala] cəld yuxarı otağa çıxdı. Ə.Vəliyev. // Zərf mənasında. Yuxarı qaldırmaq. Yuxarı çıxmaq. - ..Kərbəlayı Heydər çıxardı küçəyə, sağ əlinin şəhadət barmağını yuxarı qovzuyub ancaq mənə bircə bunu deyərdi ki, “Qırışmal! Uşağı döyməI” C.Məmmədquluzadə. Zeynal könülsüz addımlar ilə sakin olduğu evin pilləkənlərini yuxarı çıxırdı. S.Hüseyn. Biçənəklərdə ot dizdən yuxarı qalxmışdı. M.İbrahimov.
Qoş. mənasında. Artıq, çox. iclasda yüzdən yuxarı adam iştirak edirdi. Bir saatdan yuxarı gözlədim. - Dən düşmüş saqqalı, sallaq bığları; Göstərir yaşını qırxdan yuxarı. H.K.Sanılı. □ Yuxarı tutmaq - üstün tutmaq. Zeynal öz mənliyini hər şeydən yuxarı tuturdu. S.Hüseyn.
sif. Vəzifəcə, mənsəbcə, dərəcəcə yüksək, üstün. Yuxarı siniflər. Yuxarı təbəqələr. Yuxarı vəzifəyə qoymuşlar.
is. Bir şeyin yuxarı, üst, yüksək hissəsi, yeri, təpəsi. Pilləkənin yuxarısı. Dağın yuxarısında qar var. Yerlik halda: yuxarıda - irəlidə, qabaqda, əvvəldə. Yuxarıda deyildiyi kimi. Yuxarıda bu barədə yazılmışdır. - Yuxarıda zikr etdiyimiz keyfiyyəti Mirzə özü nağıl edərdi. Ə.Haqverdiyev.
Cəmiyyətin, təşkilatın yüksək, rəhbər dairələri; yüksək vəzifələr, mövqelər (bəzən cəm şəklində işlənir). Yuxarılardan göstəriş almaq. Yuxarıya müraciət etmək lazımdır. - [Məmişov:] Sən ki mənimlə kəc başladın, mən də səni yuxarılara keçirərəm. M.İbrahimov. [Gəldiyevin] fikri həmişə yuxarıda, böyüklərdə idi. Mir Cəlal.
□□ Yuxarıdan baxmaq - bəyənməmək, xor baxmaq, həqarətlə baxmaq, saymamaq. Məktəbdə hər dərsdən zəif olan bir tənbəlin belə yuxarıdan baxmağı Səltənətə güllə kimi dəydi. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

YOL

......