
ZAHİRƏNzərf [ər.] Xarici görünüşünə, görkəminə görə, xaricən, üzdən. Zahirən kim gözü görməz fələki-xunxarın; Məni bu gündə görən böylə sitəmkar olmaz. Qövsi. ..On-on beş adam zahirən seyid libasında, başlarında yaşıl əmmamə və bellərində yaşıl qurşaq hər iki tərəfdən bizi əhatə edib yapışdılar atlarımızın cilovundan. C.Məmmədquluzadə. Zahirən .. [Tehranın] sakitlik və ətalətini pozacaq bir hərəkət gözə dəymirdi. M.Ibrahimov. Səməd zahirən, doğrudan da, mürgüləyən adama bənzəyirdi. İ.Hüseynov. // Anlaşıldığı üzrə, məlum olduğu üzrə. Bir cavan tazədən gəlib ərsəyə; Əcaib oğlandır, adı Məhəmməd; Zahirən özütəkpak imiş əsli; Ola bilməz heç övladi-Məhəmməd. M.P.Vaqif.
Paylaşın - Hamı bilsin
|