ZƏHMƏTis. [ər.] 1. Əmək. Zəhmətin barı. Öz zəhmətinin bəhəri. - Əgər ki yayda zəhməti əkinçinin ziyad olur; Ziyad olursa, qış günü o da o qədr şad olur. A.Səhhət. Həmin yükqaldıranlardan bircəsi işləsəydi, bu yüzlərlə adamın zəhməti qat-qat yüngülləşərdi. M.Rzaquluzadə.
2. Əziyyət, rahatsızlıq, narahatlıq. Çox zəhmətlə başa gələn iş. Sizə zəhmət oldu. - Ya dost olma, ya zəhmətdən incimə; Dost yolunda boran, qar olacaqdı. Aşıq Ələsgər. □ Zəhmət çəkilmək - bir şeyi əldə etmək üçün əmək sərf edilmək. Bu sərgini yaratmaq üçün xeyli zəhmət çəkilmişdir. - Mən sizi qəsdən bu otağa əvvəlcə gətirdim, siz Bağdadda gördüyünüz gözəllərin, oxuyub-çalanların üzərində nə qədər zəhmət çəkildiyini təyin edə biləsiniz. M.S.Ordubadi. Zəhmət çək(in) xahişlə birinə müraciət (bəzən kinayə ilə deyilir). Zəhmət çəkin, gəlin. - Bacıoğlu, sən bir balaca zəhmət çək, burada qoyunun qabağında dayan, mən çobana xəbər verim. “Koroğlu” . [Xasməmməd:] Sən allah Xurşid xanım, bir zəhmət çək, bu şerə sən də qulaq as! C.Cabbarlı. Qapıçı, qapıçı, bura zəhmət çək; Özünlə bir az da su gətir, içək. S. Vurğun. Zəhmət çəkmək - 1) bir şeyi əldə etmək üçün əmək sərf etmək, işləmək, çalışmaq, əlləşmək. Bilik əldə etmək üçün zəhmət çəkmək lazımdır; 2) əziyyətə düşmək, narahat olmaq. Çareyi-dərdimə zəhmət çəkməyin, ey dustlər; Dərdi-eşqə çarə olmaz, olsa Əflatun təbib. S.Ə.Şirvani. Mən Məşədi Həsəndən təvəqqe etdim ki, bir-iki gün zəhmət çəkib Gəncəni mənə göstərsin. Ə.Haqverdiyev. Zəhmət çəkmə(yin) - lazım deyil, narahat olmayın (çox vaxt kinayə ilə deyilir). Zəhmət çəkmə, hamısını özümüz görüb qurtararıq. Zəhmət haqqı - zəhmət (iş) müqabilində verilən haqq, muzd; əmək haqqı, maaş. Nəbi bir ilin zəhmət haqqı əvəzində bəyin bir quzusunu götürüb evlərinə qayıdır. “Qaçaq Nəbi” . [Sarıköynəyə] yardım olmaq üçün otağımın süpürülüb təmizlənməsini ona tapşırar, zəhmət haqqı verərdim. S.Hüseyn. Səlim bəy isə zəhmət haqqını ikinci dəfə azaltmağı qərara aldı. H.Nəzərli. Zəhmət olmasa (olmazsa) hörmətlə xahiş, rica bildirir. Zəhmət olmasa, o kitabı mənə verin. - [Böyük oğlu:] Əgər zəhmət olmasa, siz də [vəsiyyəti] latın dilində (latın hürufatı ilə) yazın... Qantəmir. Zəhmət vermək - narahat etmək, incitmək, əziyyət vermək. Ey Füzuli, öldün, əfğan etmədin, rəhmət sənə; Rəhm qıldın, xəlqə əfğanınla zəhmət vermədin. Füzuli. Hər sənəm ki verə yarına zəhmət; Oxunur ölüncə zatına lənət. Q.Zakir. Çox razıyam, sizə zəhmət vermək istəmirəm. S.S.Axundov. Zəhmətə düşmək - zəhmət çəkməli olmaq, əziyyət çəkməli olmaq, işləməli olmaq. Zəhmətə qatlanmaq (qatlaşmaq) - əziyyətə dözmək, çətinliklərə qarşı dözümlü olmaq. Hiss edirdim ki, Bəyim xala mənim çox işləməyimi, zəhmətə qatlaşmağımı bəyənsə də, yuxusuzluğa dözməyib bir gün yatağa düşəcəyimdən qorxurdu. İ.Hüseynov. Paylaşın - Hamı bilsin
|