ZƏNCİRis. [fars.] 1. Bir-birinə keçmiş halqalardan ibarət dəmir bağ; silsilə. Saat zənciri. Lövbər zənciri. iti zəncirlə bağlamaq. - Axırda Dəmirçioğlu atasından gizli bir canlı kotan zəncirini də götürüb toqqa əvəzinə belinə bağladı. “Koroğlu” . Kəndlinin cavan oğlu şiddətli surətdə dəli oldu, hətta onu zəncir ilə bağlamağa məcbur olurlar. S.S.Axundov.
Buxov, qandal. Əzizim bağlı qaldı; Yar qəlbi dağlı qaldı; Zəncir, buxov görmədi; Qollarım bağlı qaldı. (Bayatı). Ruhi-Məcnuni sevirsən bir dəm ey zəncir açıl; Kim, tutulmuş şəhridən könlüm biyaban istərəm. Qövsi. ..Dustaqxananın zəncir səsi camaatın qulağına gəldi. Ə.Haqverdiyev. Zənciri qolundan atdı bu torpaq. B.Vahabzadə. □ Zəncirə çəkmək (vurmaq) - zəncirləmək, əl-ayağını zəncirlə bağlamaq. Dili-divanəni zəncirə çəkərsən, yeri var; Ətri-zülfün nə üçün müşkiXətadan seçməz? S.Ə.Şirvani. məc. Əsarət, zülm, məhkumluq rəmzi. insanlara zəncir, fəğan gətirən; O, faşist adlanan qara itləri; Məhv et silahının qüdrətilə sən! R.Rza. // Klassik şeirdə gözəlin zülfünə işarədir. Tutmazam zənciri-zülfü tərkin, ey naseh; Məni xah bir aqil xəyal et, xah bir divanə tut. Füzuli. Saçın zəncirinə könül bağladım; Məcnun kimi düşdüm dağa, Fatimə! M.P.Vaqif. □□ Zəncir kimi (tək) - bir-birinin ardınca, silsilə şəklində. Dağların ardı-arası kəsilmir, zəncir kimi bir-birinə hörülmüş, bir-birini qucaqlamış kimi durur. A.Şaiq. Zəncirtək düzülüb on beş hünərvər; Daşlı küdrüləri etdilər səngər. H.K.Sanılı. Zəncir gəmirmək (çeynəmək) (bəzən “əlindən” sözü ilə) - birinə qarşı son dərəcə hiddətli olmaq, birinə divan tutmağa hazır olmaq, acıqlı olmaq. Zəncirdən qurtarmaq - bax zəncirini qırmaq 1-ci mənada. Yaşıllıq çağırsın hər qəlbin neyi; Qurtaraq zəncirdən Prometeyi!.. S.Vurğun. Zəncirini qırmaq - 1) əsarətdən qurtarmaq, azadlıq əldə etmək; 2) məc. dan. həddini azmaq, sözə baxmamaq, özbaşınalıq etmək. Paylaşın - Hamı bilsin
|