ZİNHARnida [fars.] klas. Məbada, amandır, ay aman, saqın, ehtiyatlı ol (adətən bir şeydən saqındırmaq üçün işlənir). Ey iki gözüm, yaman olur ar; Namusumuzu itirmə, zinhar! Füzuli. Yatsa o mahparə, yatar bəxtimiz bizim; Zinhar, qoymayın onu, zinhar, yatmasın. S.Ə.Şirvani. Zinhar, vəfa etmə tələb ər dediyindən; Sərvəqt ol, amandır! M.Ə.Sabir. Məni bənzətməyin Məcnuna, zinhar; Ahımca olsaydı Məcnunun ahı; Yuva tikərdimi başında quşlar? B.Vahabzadə. □ Zinhar etmək (eləmək)bax zinhara gətirmək. Zinhar olmaq - bax zinhara gəlmək. Zinhara gəlmək - usanmaq, bezikmək, yorulmaq, cana gəlmək, təngə gəlmək. Lay-lay dedim yatınca; Gözlərəm Ay batınca; Canım zinhara gəldi; Sən hasilə çatınca. (Bayatı). Day camaat [Qara xanın] əlindən zinhara gəlmişdi. “Koroğlu” . Vallah, bu gədənin əlindən lap zinhara gəlmişəm. M.Süleymanov. Zinhara gətirmək - bezikdirmək, usandırmaq, yormaq, cana gətirmək, təngə gətirmək. [Səməd bacısına:] Ay arvad, bu xalqı nə zinhara gətirdin? Sənə demədimmi çox zarıldayıb, zırıldama. B.Talıblı. Bu uzun gecə Mədədovu lap zinhara gətirmişdi. Ə.Əbülhəsən.
Paylaşın - Hamı bilsin
|