İzahlı lüğət

ZOR

[fars.] 1. is. Güc. Muzdur anladı ki, çox pulun zoru da çox olurmuş. S.M.Qənizadə. [Mirzə Həsən:] Bundan sonra traktor adlanan maşının zoru ilə əkəcəksiniz. Ə.Haqverdiyev. [Harun:] Düşmənin zoru qabağında könül xofeyləməz. Ü.Hacıbəyov. □ Zor etmək (eləmək) - güclə məcbur etmək, güc tətbiq etmək. [Məhərrəm:] Odur ki, [Səriyyəyə] zor etməyə haqqınız və ixtiyarınız yoxdur. C.Cabbarlı. Zor gəlmək - üstün olmaq, qalib çıxmaq, məcbur etmək. Zor ilə - zorla. Mən səndən ayrılmazdım; Zor ilən ayırdılar. (Bayatı). Naəhl olana mətləbi andırmaq olurmu?! Söz qanmıyana zor ilə qandırmaq olurmu?! M.Ə.Sabir. Mexaniki zor ilə maşınxanadan kənara çıxardılar. H.Nəzərli;
var gücü ilə. Keçmiş kösöyü zor ilə yerə vuranda qığılcım saçılan kimi [dərvişin] gözləri məşəlləndi. A.Divanbəyoğlu. Zor işlətmək (göstərmək) - zor etmək, gücdən istifadə etmək, zorakılıq etmək. [Vahidov Telliyə dedi:] Bəzən zor işlətmək lazımdır ki, sevdiyin adamı xoşbəxt edəsən. Ə.Məmmədxanlı. Zora çəkmək - çətinliyə salmaq, bərkə çəkmək, məcbur etməyə çalışmaq. Boşla, ay molla dayı, sən də bizi çəkmə zora; Biz sənin hiylən ilə düşmərik əsla bu tora. M.Ə.Sabir. Zora salmaq - çətinliyə salmaq, gücə salmaq. Molla dartındı, ancaq qolunun məngənəyə düşdüyünü görüb zora salmadı. S.Rəhman. Zoruna dönüm! - tərif və təşviq ifadəsi (birinə ürək vermək, bir işə cəsarətləndirmək və təhrik etmək üçün işlənir). Qüvvətlə sıx döşünə tüfəngin qundağını; Vur, zoruna dönüm, vur, baş qaldıran yağını! R.Rza. // Qolugüclülük, qolunun gücü. Zor vermək - 1) güc vermək. [Aslan bəy:] Xoş gəldin, get ancaq bundan sonra ağlına zor vermə... N.Vəzirov; 2) ağır təsir etmək. Ayrılıq zor verdi ana qəlbinə; Gəl! - deyib yanına çağırdı yenə. S.Vurğun.
sif. Çox güclü, qüvvətli, böyük. Açarın gücü qıfıldan zordur. (Ata. sözü). [Paşa Qəribə:] Mən bilirəm sən qəribsən, ancaq deyirlər ki, çox zor aşiqsən. “Aşıq Qərib” . // Çox bacarıqlı, qoçaq, əlindən hər şey gələn. Kişi zor adamdır. // zərf Çox, xeyli. [Rüstəm bəy:] Çingiz, nə çox yatmışıq, balam? - dedi, - zor yatdıq. Çəmənzəminli.
sif. Çətin, çətin başa gələ bilən, zehni və yaxud cismani güc tələb edən, çox ağır. Zor məsələ. - Müqim bəy .. sabahkı işin çox zor iş olduğunu kəsdirdi, təkrarən öz nitqini nəzərdən keçirməyə başladı. S.Rəhimov. // Zordur şəklində - çox çətindir. Uff, .. bu qədər məşəqqətdən sonra ona yaxınlaşmaq yenə də zordur, - dedi. H.Nəzərli.
is. Məcburiyyət. Mənim yetim uşağa rəhmim gəlir, çünki o uşaq sahibsizdir və bu barədə dəxi mənə zor yoxdur. C.Məmmədquluzadə. [General:] Xoşluqla etməsə, nə gəlib zora? Biz ki, gəlməmişik xoşluqla bura. B.Vahabzadə. // Zərf mənasında. Məcburiyyət altında, məcburən, istəmədən, öz xahişi olmadan. ..Tacir yarı zor, yarı xoş hambalı padşahın yanına apardı. (Nağıl). Zorla şəklində zərf - 1) güc işlədərək (işlədilərək), güc tətbiq edərək (edilərək), məcburiyyət altında. Qızı gətirdilər saraya zorla; Hər şeyi sarayda anladı Leyla. B.Vahabzadə; // istəməyə-istəməyə, özünü məcbur edərək. [Əlləzoğlu] sifətini eybəcər bir şəklə saldı, qədəhin az qala yarısını zorla püstə ağzına təpdi. I.Hüseynov; 2) çox çətinliklə, güclə. Özünü zorla çəkib aparan qoyunların yelini südlə dolu idi. M.İbrahimov. Ancaq tüfəng çox uzun və ağır olduğundan onun əli tətiyə zorla çatırdı. M.Rzaquluzadə;
güclə, güc-bəla ilə, çox çətinliklə (bu mənada bəzən “zor-bəla ilə” şəklində işlənir). işin öhdəsindən zorla gəldi. Zorla özünü saxlaya bildi. Onu zor-bəla ilə razı sala bildilər.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

Z

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed